Brend-imic sözü ingilis dilindəki “brand image” (imic, reputasiya) ifadəsindən götürülüb və markanın vizual oobrazını bildirir. Bu obraz reklam vasitəsi ilə yaradılır. Başqa cür də demək olar: Brend-imic istehlakçıların brendlə bağlı təəssüratları və onunla bağlı yaranan assosiasiyalardır.
Brend-imic istehlakçılara imkan verir ki, məlumatları emal etsinlər, brendi sıradakı digərlərindən seçə bilsinlər. İmic, həmçinin insanları brendi almağa sövq edən hissolunmaz üstünlüklər yaradır, pozitiv əhval formalaşdırır, məhsulun daha çox yayılması üçün baza yaradır.
Brend yaradılmasında yekun mərhələ brendin verbal və vizual elemetlərini özündə birləşdirən, gələcək işləri reqlamentləşdirən, verbal və vizual standartlarını təyin edən, şirkətin gündəlik iş prinsipini təyin edən, həmçinin şirkətin fəlsəfəsini, dəyərlərini və brendin mahiyyətini izah edən sənədlər toplusudur.
Adətən sənədlər toplusuna aşağıdakılar daxil olunur:
o Brend buk (brand book)
o Təlimat (guideline)
Brendbuk – brendin əsas atributivləri və identifikasiya elementlərinin izahıdır (mahiyyəti, mövqeyi, missiyası, fəlsəfəsi, dəyərləri, individuallığı). Bu sənədin məqsədi brendin bütün ideoloji elementlərini sistemləşdirməl, kompleks şəkildə formalaşmış təsvirini yaratmaq, həmçinin məhsulun tam şəkildə anlaşılması və istifadə olunması ilə bağlı tövsiyələrdir.
Brendbukda hədəf kütləyə müraciətin əsas kanalları və üsulları, həmçinin brendin müxtəlif kommunikasiya vasitələrində istifadə metodları təsvir olunur.
Təlimat- vizual identifikatorların müxtəlif informasiya kanallarında düzgün tətbiq olunma prinsiplərinin əks olunduğu təlimatdır. Bu sənəd Brendinqin icra prosesinə nəzarət etməyə imkan verir. Bundan əlavə, loqotipin ölçüləri, firma rəngləri, şriftlər və firma üslubunu formalaşdıran digər elementlər də bu sənəddə öz əksini tapır.
Təlimatlara aşağıdakılar daxildir:
– Firma nişanı,
– Loqotip və blok,
– Firma nişanı və loqotipin yaradılması sxemi,
– Firma rəngləri və şriftlər,
– Firma blokunun yerləşməsi,
– Loqotipin işgüzar sənədlərdə və reklam vasitələrində yerləşməsi,
– Və başqa təlimatlar
Təlimatın həcmi brendin miqyasından asılı olaraq dəyişir.